Sabahdan müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır


Sabahdan Azərbaycan Texniki Universitetində (ATU) ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə başlanacaq.Teorem.az APA-ya istinadən bildirir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt veriləcək.
 

“Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 47 min nəfərə yaxın şəxsin elektron ərizəsi təsdiq edilib. İmtahanlarda iştirak edəcək müəllimlər http://www.miq.edu.az/ saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. 


İmtahana gələrkən müəllimlərdən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və bildirişi gətirmələri xahiş olunur. İmtahanlar avqustun 5-dək davam edəcək”, – sektor müdiri qeyd edib.