Müəllimlərin işə qəbul imtahanları davam edir


Təhsil Nazirliyi iyulun 16-dan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun ikinci mərhələsi - test imtahanına start verib.

Cari ilin 2-8 iyul tarixlərində aparılan elektron sənəd qəbulu zamanı 50 697 namizəd qeydiyyatdan keçib, ərizələrdəki göstəricilər araşdırıldıqdan sonra 46 839 namizədin ərizəsi qəbul olunub.

İyulun 10-dan başlayaraq elektron ərizəsi qəbul edilmiş namizədlərin şəxsi səhifələrinə müsabiqənin ikinci mərhələsinin – test imtahanının keçiriləcəyi tarix və yer barədə ətraflı məlumat göndərilib. İbtidai sinif 16-19 iyul, ingilis dili 19-20 iyul, alman dili üzrə 20 iyul tarixlərində test imtahanları keçirilib.

Hazırda digər fənlər üzrə - riyaziyyat 23-24 iyul, informatika və təsviri incəsənət  24 iyul, Azərbaycan dili və ədəbiyyat 25-26 iyul, rus dili, rus dili və ədəbiyyatı, Azərbaycan dili, fransız dili və musiqi  26 iyul, tarix və kimya 27 iyul, fizika və texnologiya 28 iyul, biologiya 30 iyul, fiziki tərbiyə 30-31 iyul, coğrafiya 31 iyul tarixlərində imtahanların keçirilməsi gözlənilir.

Qeyd edək ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaqdır.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.